Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazırdır.
Xezerxeber.az-ın Rusiya və Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, bu barədə baş nazir şənbə günü mətbuat konfransı zamanı deyib.
“Mən bu formatda görüşə (Azərbaycan Prezidenti ilə) hazıram”, - baş nazir deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.
“Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektivliyini göstərib”, - o deyib.
N.Paşinyan qeyd edib ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə də son telefon danışığı zamanı deyib.