Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, ilk dəfə səs verən seçicilərdən 372-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək:
"Onlara da xüsusi doğum günü kartları veriləcək".
MSK sədri isə qeyd edib ki, həmin kartlara MSK-nin xüsusi möhürü vurula bilər:
"Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər. Gərək bunu prezident seçkilərində də edərdik".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.