Xəzər Xəbər

Antimikrob dərman vasitələrinə qarşı rezistentlik xüsusi narahatlıq yaradan problemdir AQTA

Gündəm | 11:03 • 25 İyul 2024
Antimikrob dərman vasitələrinə qarşı rezistentlik xüsusi narahatlıq yaradan problemdir

Azərbaycanda aktual məsələ olan antimikrob dərman vasitələrinə qarşı rezistentlik xüsusi narahatlıq yaradan problemdir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müavini Balarəhim Quliyev "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda heyvanlarda 1,7 milyon ətraflı araşdırılmamış virus olduğu, bunların da təxminən yarısının insanları yoluxdurmaq potensialı olması ehtimal edilir.

AQTA sədrinin müavini qeyd edib ki, vahid sağlamlıq konsepsiyası cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir:

"Son dövrlər dünyada, o cümlədən, Azərbaycanda aktual məsələ olan antimikrob dərman vasitələrinə qarşı rezistentlik (dayanıqlılıq) xüsusi narahatlıq yaradan problemdir. Antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərir və xoşagəlməz nəticələrə səbəb ola bilər. Qida məhsullarında antibiotiklərin qalıq şəklində toplanması insanlarda allergik və toksiki təsirlərlə yanaşı, patogen rezistent mikroorqanizmlərin törətdiyi infeksiyalara qarşı müalicə tədbirlərinin təsirsiz qalmasına səbəb olur. Bu da öz növbəsində insan sağlamlığı üçün ciddi problemlər yarada, hətta insan ölümü ilə nəticələnə bilər".

"Heyvan sağlamlığının təmin olunmasında və heyvan mənşəli qida məhsulları istehsalında antimikrob preparatlardan səmərəsiz və kortəbii istifadə nəticəsində yaranan antimikrob rezistentliyi qida zəncirinin bütün mərhələlərində təzahür etməklə insan sağlamlığının qorunmasında ciddi problemlər yaradır. Bu səbəbdən də insan, heyvan və ətraf mühitin sağlamlığının bir-birindən asılı olduğunu qəbul edərək bu sahələrdəki problemlər ayrı-ayılıqda deyil, birgə yanaşma ortaya qoyulmaqla həll olunmalıdır", - AQTA rəsmisi əlavə edib.

Xəbər lenti