Xəzər Xəbər

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri bu ölkənin və dünya mediasının diqqət mərkəzində

Gündəm | 19:45 • 12 İyul 2024
Prezident İlham Əliyevin Pakistana dövlət səfəri bu ölkənin və dünya mediasının

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.

Xezerxeber.az xəbər verir ki, ingilis dilində nəşr olunan “The Express Tribune” qəzeti “Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb” sərlövhəli məqaləsində İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi barədə məlumat verilib. Oxucuların diqqətinə çatdırılıb ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramının mübadiləsi olub.

“Whenewsenenglish” nəşrinin “Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib” və “The İnternational News” qəzetinin “Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir” sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır.

Pakistan dövlət radiosunun və “Associated Press of Pakistan” agentliyini saytlarında dərc olunan “Prezident İlham Əliyev Pakistan milli abidəsinə əklil qoyub” sərlövhəli xəbərlərdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı İslamabadda Pakistan xalqının milli birliyini təcəssüm etdirən monumentin önünə əklil qoyaraq qardaş xalqa dərin ehtiramını ifadə edib.

“Radio Pakistan”ın və “Associated Press of Pakistan” agentliyinin saytında, habelə “News of Pakistan” portalında Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması, həmçinin geniş tərkibdə keçirilən görüş haqqında məlumat verilib.

Materiallarda qeyd olunub ki, Baş nazir Şahbaz Şərif Pakistan xalqının Azərbaycan Prezidentinə olan ehtiramını ifadə edib, iki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hisslərinin olduğunu bildirib. O, İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycanın isə Kəşmir probleminin nizamlanmasında Pakistana güclü dəstəyini xatırladıb. Prezident İlham Əliyev isə Pakistan və Azərbaycan xalqlarının çətin zamanlarda bir-birinin yanında olduğunu, 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabadın öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdiyini qeyd edib, eyni zamanda, Bakının Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəklədiyini deyib.

“Minute Mirror” nəşrində dərc olunmuş “Şahbaz Şərif Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirir” sərlövhəli məqalədə qeyd edilib ki, Pakistanın Baş naziri qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparıldığını, noyabrda onun Azərbaycana səfəri zamanı bu sərmayəyə dair razılaşmaların imzalanmağa hazır olacağını deyib. Diqqətə çatdırılıb ki, tərəflər qarşıdakı illərdə bu rəqəmi daha da artırmağı planlaşdırır.

Xəbər lenti