Xəzər Xəbər

Milli Məclisin sədri Belarus və Efiopiya parlamentlərinin spikerləri ilə görüşüb FOTO

Gündəm | 11:42 • 12 İyul 2024
Milli Məclisin sədri Belarus və Efiopiya parlamentlərinin spikerləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildirilib ki, Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşdə Azərbaycan və Belarus arasında dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu diqqətə çatdırıblar. Eyni zamanda, son dövrlərdə Azərbaycan və Belarus arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini vurğulayıblar.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti vurğulanaraq, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Sahibə Qafarova özünün ötən ay Belarus Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşdə də iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr aparılıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Görüşdə iki ölkənin parlamentlərinin müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Efiopiyanın təşkilatın konfransında iştirakı xatırladılıb. Həmçinin qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyət göstərdiyi, dostluq qrupları arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.

Efiopiya Federal Şurasının sədri Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib.

Görüşlərdə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında məlumat verib.

Xəbər lenti

Çox oxunanlar