Xəzər Xəbər

Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı başa çatıb

Gündəm | 16:36 • 21 İyun 2024
Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı bu gün başa çatıb.

Xezerxeber.az xəbər verir ki, toplantının sonuncu günündə Zəngilanda iki panel iclası təşkil olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusuna həsr olunan birinci panel iclasında çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, toplantının əvvəlki sessiyaları zamanı iqlim dəyişikliyinin müxtəlif aspektləri və davamlı gələcək üçün bu qlobal problemin həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb. “Bu qlobal problemin həllində Azərbaycanın təcrübəsinə nəzər salaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafı istiqamətində davam edən səyləri müzakirə etmək üçün toplaşdığımız tarixi bir məqamdır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyyətlərini də vurğulamaq vacibdir”, - deyən xüsusi nümayəndə əlavə edib ki, bu gün biz sürətli dəyişikliklər dövründə yaşayırıq. Bütün dünyada texnologiyanın inkişafı həyat standartlarını yaxşılaşdırsa da, bəşəriyyət iqlim dəyişikliyi, sosial bərabərsizlik, ekoloji ədalətsizlik və başqaları kimi ciddi qlobal problemlərlə üzləşir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların həllinə və davamlı inkişafa yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə sadiq qalır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri və “Böyük Qayıdış Dövlət Proqramı” da daxil olmaqla hərtərəfli strategiyalar müəyyən edib. Bu gün Şərqi Zəngəzur və Qarabağda davamlı tikinti təşəbbüsləri var, layihələr bu regionun müxtəlif ərazilərinə yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov diqqətə çatdırıb ki, innovativ resursların idarə edilməsi dayanıqlı yaşıl iqtisadiyyata keçidimiz üçün təməl yaradıb. Azərbaycan iqlim dəyişikliklərinə xüsusi həssaslıqla yanaşır. “Su ehtiyatlarının azalması aqrar sektorun zəifliyini göstərir. Biz istixana qazı emissiyalarını azaltmağı hədəfləyirik”, - deyə o əlavə edib.

Maltanın sabiq Baş naziri Cozef Muskat çıxışında söyləyib ki, regionda tamamilə böyüməyə can atan, transformasiya edən iqtisadiyyat daha çox bərpaolunan mənbələrə əsaslanır. Biz bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq. İnanıram ki, bu gün burada eşitdiyimiz fikirlərin hamısı Azərbaycan tərəfindən uğurla həyata keçəcək.

O bildirib ki, bu gün burada müzakirə edilən məsələlər həqiqətən də iqlim dəyişikliyi ilə mübarizədə müsbət təsirini göstərəcək. Sadəcə olaraq, biz lazımi dəyişikliklərə keçərkən dünya miqyasında ən həssas təbəqələrin də nəzərə alınacağından əmin olmalıyıq.

Xəbər lenti