Xəzər Xəbər

Ceyhun Bayramov belaruslu həmkarını bölgədəki mövcud reallıqlar barədə məlumatlandırıb

Gündəm | 15:35 • 15 May 2024
Ceyhun Bayramov belaruslu həmkarını bölgədəki mövcud reallıqlar barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 15-də ölkəmizdə səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a bildirilib ki, Ceyhun Bayramov və həmkarı Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və sair istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əlaqələrin genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən C.Bayramov Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib. Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində uğurla davam etdirildiyi bildirilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı məlumatlandırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi və görülən təşkilati tədbirlərdən bəhs edən Ceyhun Bayramov sədrliyimiz müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət verdiyimizi diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar