“COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür”.
Xezerxeber.az xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.
Muxtar Babayev deyib ki, yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır.
Onun sözlərinə görə, Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub: “2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib. Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir”.
Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.