Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə görülən işlər, icra edilən tapşırıqlarla bağlı komandirlərin məruzələri dinlənilib, həmçinin qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.
İclasın sonunda birinci rübün yekunlarına əsasən hərbi xidmətdə fərqlənənlər qeyd edilib.