"Quran" kitabının yandırılması əqidə azadlığına, dini azadlığa qarşı atılan addımdır".
Xezerxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan haqqları" adlı panel müzakirəsində Almaniyadakı Müsəlmanların Mərkəzi Şurasının prezidenti Aiman Mazyek çıxışında bildirib.
O deyib ki, təmsil etdiyi qurum Almaniyadakı 19 islam icmalasını birləşdirən bir assosiasiyadır: "İstər müsəlmanlara, istər, yəhudilərə, istərsə də xristianlara qarşı atılan ekstremist addımlar fundamental insan hüquqlarına ziddir".
O bildirib ki, ayrı-seçkiliyin, irqçiliyin ən mühüm təzəhürlərindən biri də ikili standartlardır: “"Quran"ın yandırılması əqidə azadlığına, dini azadlığa qarşı atılan addımdır. Amma təsəvvür edin ki, "Tövrat" və ya digər müqəddəs kitablar yandırılsa idi reaksiya necə olardı? Müsəlman ölkəsində bu edilsə idi bunu İslam terrorizmi kimi qələmə verərdilər. Və yaxud terror aktı törədilən zaman onlar bunu "Müsəlmanlar terror aktı törədir" kimi təqdim edirlər, bu ikili standartlardır, çünki əslində terrorun dini yoxdur".
Bütün Avropa təsisatları ilə sıx işləməliyik. Dialoq yalnız bu yolla mümkün ola bilər”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.