44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hal-hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Ermənistan tərəfinin daim istinad etdiyi Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.
"Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir", - deyə əlavə edilib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “Anadolu” agentliyinə müsahibəsi zamanı, Azərbaycan-Ermənistan sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xəttlərinin açılması ilə bağlı bir sıra məsələlərə toxunub.