“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Əsasnamədə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
Xidmətin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.
Xidmətin rəsmi emblemi onun hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında və inzibati binalarının adı göstərilən lövhələrində də yerləşdirilə bilər.
Xidmətin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:
Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında;
Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).
Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.