Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesi çərçivəsində fevralın 28-i və 29-da hər iki ölkənin nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər. Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində mediaya açıqlamasında deyib.
Nazir son ikigünlük müzakirələri ümumilikdə faydalı hesab edib: “Həmin iki gün tərəflərin razılaşdırılmayan, açıq qalan yanaşmalarının müzakirəsinə həsr olunub. Hər iki tərəf qarşılıqlı olaraq öz yanaşmasını ifadə edib və bunun ətrafında müzakirələr aparılıb. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.
Rəsmi Bakının Ermənistandan gözləntiləri ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu gözləntilər məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüklərinin tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir.