Martın 2-də III Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a bildirilib ki, görüşdə Ceyhun Bayramov Azərbaycanın AQEM-i vahid norma və prinsiplər toplusuna əsaslanan unikal dialoq və əməkdaşlıq platforması kimi qiymətləndirdiyini vurğulayıb.
AQEM prosesinin qurucu üzvlərindən biri kimi Azərbaycanın qarşılıqlı faydalı iqtisadi, sosial əməkdaşlığın inkişafı, müvafiq etimad quruculuğu tədbirləri çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin, regional və beynəlxalq nəqliyyat, tranzit əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində AQEM tədbirinin keçirilməsi və ətraf mühit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.