Xəzər Xəbər

Bələdiyyələr birləşdirilir YENİ QANUN

Gündəm | 12:55 • 23 Fevral 2024
Bələdiyyələr birləşdirilir

Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır: “Bu, çox vacibdir. Əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir. Digər tərəfdən, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir. İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. Kifayət qədər icarə müqavilələrində debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. Amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub: “Bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb. Layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır. Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Xəbər lenti