Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrlik edəcək. Parlamentimizin namizədliyini dəstəklədikləri üçün Assambleyaya üzv olan bütün parlamentlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox qürurverici hadisədir.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında deyib.
Sahibə Qafarova qardaş Türkiyə parlamentinin sədri Numan Kurtulmuşdan sədrliyi təhvil almağın xüsusilə sevindirici hal olduğunu söyləyib.
O, humanitar böhranların münaqişə, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artmasını, irqçilik və islamofobiya kimi günümüzün aktual problemlərinin Asiya regionuna mənfi təsir göstərdiyini bildirib. Deyib ki, bütün bu çağırışları tək yox, yalnız birgə səylərlə həll etmək olar. Bu, regionda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir.
“Müxtəlif sahələrdə əldə olunan nailiyyətlər regionumuzda bu problemləri həll etmək üçün yaxşı nümunə olacaq”, - deyə Milli Məclisin sədri əlavə edib.