Xəzər Xəbər

Malıbəylidə erməni separatçıların azərbaycanlı əsir və girovları saxladığı tikili AŞKARLANDI

Gündəm | 14:15 • 19 Fevral 2024
Malıbəylidə erməni separatçıların azərbaycanlı əsir və girovları saxladığı tikili

Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.

İşğaldan əvvəl - 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub.

İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar.

Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib. (report)

 

Xəbər lenti

Çox oxunanlar