Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq.
Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibli görüş olacaq.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.
Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.
Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.
Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək.
Xatırladaq ki, Azərbaycan lideri R.T.Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.