Xəzər Xəbər

Qaradağlı faciəsinin 32-ci ildönümüdür

Gündəm | 09:28 • 17 Fevral 2024
Qaradağlı faciəsinin 32-ci ildönümüdür

Orada bir kənd var idi...

1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsi (qətliamı) Qarabağ müharibəsinin ən kədərli və unudulmaz hadisələrindən biridir.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə erməni separatizmi baş qaldırandan Qaradağlı kəndinin də faciəli günləri başlanıb.

Tarixçə

1990-cı il noyabrın 24-ü. 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib.

1991-ci il yanvarın 9-u. Qaradağlı kəndinə gedən UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutulub, bir nəfər qətlə yetirilib, 4 nəfər yaralanıb. Onlardan 2-si aldığı yaralardan sonralar dünyasını dəyişib.

1991-ci il martın 8-i. Kəndin yaxınlığında 2 nəfər vəhşicəsinə qətlə yetirilib.

1991-ci il iyunun 28-i. Kəndin yaxınlığındakı fermada 3 kişi və 3 qadın diri-diri yandırılıb.

1991-ci il sentyabrın 8-i. Ağdamdan Qaradağlıya gedən sərnişin avtobusu erməni quldurları tərəfindən atəşə tutulub, 40-a yaxın sərnişindən 8-i həlak olub.

1992-ci il yanvarın 8-i. Kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, ermənilər 100-ə yaxın qoyunu quldurluqla aparıblar.

Soyqırımı

Həmin hadisələr zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Həyata keçirilən soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumən 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib.

Heç nə unudulmur...

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Kənddə törədilən soyqırımı ilə bağlı “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. (AZƏRTAC)

Xəbər lenti