Fevralın 9-da Bakıda Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Xezerxeber.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri xanım Müriel Peneveyre rəhbərlik ediblər.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.
Tədbirdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.