Xəzər Xəbər

Gürcüstan Bakı ilə İrəvan arasında danışıqlar platforması olmaqda maraqlıdır

Gündəm | 15:37 • 8 Fevral 2024
Gürcüstan Bakı ilə İrəvan arasında danışıqlar platforması olmaqda maraqlıdır

Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb. Rəsmi Tbilisi ölkənin Bakı ilə İrəvan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır.

Bu fikirləri Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili parlamentdəki çıxışı zamanı səsləndirib.

İ.Darçiaşvili deyib ki, bu məqsədə nail olmaq üçün Gürcüstan hökuməti Türkiyə, eləcə də Ermənistan və Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini gücləndirmək niyyətindədir.

“Regionda sülh və sabitliyin təşviqi baxımından Gürcüstan Sülh Qonşuluq Təşəbbüsünün başlaması ilə mühüm addım atıb. Bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın yaranmasına dəstək olacaq istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir platformaya çevrilsin”, - deyə Darçiaşvili vurğulayıb.

Onun sözlərinə görə, hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün bütün səylərini göstərəcək. (AZƏRTAC)

Xəbər lenti