Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası keçirilib.
Xezerxeber.az xəbər verir ki, “Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf şəraitində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr edilmiş tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb, Cənubi Qafqazda postmünaqişə dövründə, xüsusilə də son zamanlar qeyri-regional dövlətlər tərəfindən artan destruktiv müdaxilələrin neytrallaşdırılması ilə bağlı Moskvanın və Bakının mövqelərinin yaxınlığını qeyd ediblər. XİN rəsmiləri Şuranın fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib, gələcək fəaliyyəti ilə bağlı töhfələrini bildiriblər.
Sonra çıxış edən RBMŞ-nin baş direktoru İvan Timofeyev və BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Şuranın yarandığı gündən ötən qısa müddət ərzində nümayiş etdirdiyi ekspert fəaliyyətinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar. Onlar iki ölkənin ekspertlərinin birbaşa əlaqələrinin və regionda gedən proseslər haqqında ölkələrinin ictimaiyyətlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
İnteraktiv dialoq şəraitində keçən iclasın qapalı sessiyalarında regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq, xüsusilə Cənubi Qafqaz regionunda yeni geosiyasi risklərin qarşısının alınması məqsədilə 3+3 formatı çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Şimal-Cənub nəqliyyat marşrutu, Şərq-Qərb yolu və Zəngəzur dəhlizi kimi regional kommunikasiya məsələləri də tədbirdə diqqət mərkəzində idi.
İclasda, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına dair müxtəlif aspektlər ilə bağlı Şuranın praktik tövsiyələrini əks etdirən kommünike qəbul edilib. Hər iki ölkənin müvafiq dövlət qurumları qarşıdan gələn XII Rusiya-Azərbaycan Regionlararası Forumuna təqdim ediləcək sənəddə, həmçinin Şuranın fəaliyyətinin daimi əsaslarla təşkilini məqsədəuyğun hesab edib.