Xəzər Xəbər

“Independent Arabia” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinin məqaləsi dərc edilib

Gündəm | 17:23 • 19 Noyabr 2023
“Independent Arabia” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinin məqaləsi dərc edilib

Səudiyyə Ərəbistanının Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycanda erməni hərbi qüvvələrinin qeyri-qanuni mövcudluğu böhranı” adlı məqaləsi dərc edilib.

Məqalədə 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən mina terroru nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olduğu, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanına çevrildiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan tanklar və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, minaatanlar, döyüş texnikası və silahlarla təchiz edilmiş on min nəfərdən artıq hərbçisini Azərbaycanın Qarabağ regionunun ərazisində saxlayıb. Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi texniki, maddi-texniki və maliyyə dəstəyi ilə təmin edilib. Yazıda üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı bütün növ hərbi fəaliyyətləri dayandırmaq və hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaqla bağlı öhdəliyinə əməl etmədiyi və Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin Ermənistanın Azərbaycan ərazilərində hərbi mövcudluğunu bir daha nümayiş etdirdiyi qeyd olunub. Bildirilib ki, 24 saat ərzində qanunsuz birləşmələrin 90-dan çox hərbi postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 radioelektron müharibə sistemi, 2 zenit-raket kompleksi zərərsizləşdirilib.

Məqalədə bildirilib ki, lokal antiterror tədbirləri nəticəsində Ermənistanın Azərbaycanın suveren ərazisində qeyri-qanuni güc tətbiqi ilə bağlı yeni status-kvonun yaradılması və “təmas xətti məntiqi”nə əsaslanan boz zonanın saxlanması üzrə sistemli cəhdləri boşa çıxarılıb. Ordumuz çətin relyefə və illər ərzində düşmən tərəfindən yaradılmış istehkamların mövcudluğuna baxmayaraq, qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək bütün sahələrdə mühüm hərbi uğurlar əldə edib.

Səfir vurğulayıb ki, lokal antiterror tədbirlərinə başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bütün hərbi hissələrə Qarabağ bölgəsində yaşayan erməni əhaliyə ziyan dəyməməsi, mülki əhalinin müdafiəsi ilə bağlı ciddi tapşırıqlar verib. Məqalədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün atdığı hər bir addımın, o cümlədən lokal antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğu, heç bir şəkildə mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığı oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin baş çatmasından dərhal sonra Azərbaycan tərəfi Ermənistan rəhbərliyinə, onun xaricdəki himayədarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu davam etdirməsinə son qoymağa çağırıb. Cinayətkar xunta təslim olduqdan sonra münaqişə tarixə qovuşub və Qarabağın erməni əhalisi nəhayət ki, rahat nəfəs almağa başlayıb.

Yazıda qeyd edilib ki, erməni separatçıları, hərbi cinayətkarlar, Ermənistan və Qarabağdakı separatçı xunta yerli erməni əhalidən girov kimi istifadə edib. Məqalədə lokal antiterror tədbirlərinin sülh danışıqları qarşısındakı maneəni aradan qaldırmağa imkan yaratdığı, Cənubi Qafqazda yeni reallığın meydana gəldiyi qeyd olunub.

Məqalədə Cənubi Qafqaz regionunun əsrlər boyu çəkişmələr, müharibələr və qanlı toqquşmalara şahid olduğu, buna son vermənin vaxtının çatdığı, regionun gələcəyinin sülh, sabitlik və firavanlıq üzərində qurulmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bu ölkə ilə qarşılıqlı hörmət əsasında həqiqi dialoqa hazırdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün sağalmamış yaralarına, şəhər və kəndlərimizin kütləvi şəkildə dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, Azərbaycan bir daha Ermənistana ədalətli və davamlı sülh təklif edir və onun müsbət qarşılanacağına ümid bəsləyir.

Məqalədə 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası ilə bağlı dialoqun başlanıldığı, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan hökumətinin xüsusi nümayəndəsi ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında çoxdan gözlənilən görüşün baş tutduğu, görüş zamanı Azərbaycan hökumətinin Qarabağın erməni əhalisi üçün reinteqrasiya planlarını açıqladığı, habelə infrastrukturun bərpası və istismarı ilə bağlı məsələlərin müzakirə olunduğu, erməni əhalinin xahişi ilə Azərbaycanın dövlət qurumları tərəfindən tezliklə uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər sosial obyektlərin istifadəsi üçün yanacağın çatdırılması, habelə digər humanitar dəstək tədbirlərinin həyata keçirilməsinin qərarlaşdırıldığı və sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın elektrik şəbəkəsinə qoşulduğu ifadə edilib.

Müəllif Azərbaycan Prezidentinin tapşırığı ilə Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı, qrupa Azərbaycanın Qarabağ bölgəsində sosial rifah, humanitar yardım, iqtisadiyyatın bərpası və infrastrukturun bərpası da daxil olmaqla geniş spektrli məsələlərin həllinin tapşırıldığını da diqqətə çatdırıb.

Səfir sonda dövlətlərin daxili işlərinə müdaxilə etməmək, milli azlıqların cəmiyyətə inteqrasiyasına mane olmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı beynəlxalq öhdəlikləri xatırladaraq, Azərbaycanın regionda sülh, sabitlik və rifahda marağı olan bütün tərəfdaşlarla konstruktiv əməkdaşlığa hazır olduğunu vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar