Xəzər Xəbər

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsini TƏQDİM EDİB HİKMƏT HACIYEV

Gündəm | 11:54 • 18 Noyabr 2023
Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsini TƏQDİM EDİB

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib.

Xezerxeber.az "EU Reporter"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistərə deyib.

H.Hacıyev qanunsuz erməni rejiminin tərksilah olunaraq Azərbaycan ərazisini tərk etdiyin bildirib.

"Bu, Ermənistanla Azərbaycan arasında sülh razılaşması yolunda maneələri aradan qaldırır. Düşünürük ki, iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoymaq, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsipə əsaslanan davamlı sülhü inşa etmək üçün tarixi imkan yaranıb", - o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan daha geniş Avrasiya xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həll modelini yaradıb.

"Minsk qrupunun həmsədrliyi uğursuzluğa düçar oldu, çünki onun məqsədi Azərbaycan ərazisinin Ermənistanın işğalı altında qalmasının davam etməsindən ibarət idi. Biz hərbi işğala son qoyduq. Azərbaycan artıq sülhü və Ermənistanla münasibətlərin normallaşmasını prioritet hesab edir. Lakin istənilən sülh sazişi iki tərəfin iştirakını tələb edir və Ermənistan xoş məram nümayiş etdirməlidir. Biz Ermənistana sülh sazişinin beşinci yenilənmiş layihəsini təqdim etdik, lakin artıq iki aydır ki, onlar reaksiya vermirlər", - Hikmət Hacıyev deyib.

O, Cənubi Qafqazda yeni reallıqların formalaşdığını, qanunilik və legitimliyin bu yeni reallıqların əsasında dayandığını qeyd edib.

"Biz regional təhlükəsizliyin yeni, ədalətə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa və bütün ərazi iddialarına son verməyə əsaslanmış arxitekturasını inşa etmək istəyirik. Fikrimcə, biz sülhə nail olmalıyıq və əlavə tərəfdaşlar bu sazişi dəstəkləyə bilər", - H.Hacıyev deyib.

O qeyd edib ki, münaqişənin "dondurulduğu" dövrdə Avropa Parlamentində Azərbaycanofobiya və Azərbaycana qarşı islamofobiya təzahür edirdi.

"Aİ Şurası bu yaxında Azərbaycanı tənqid edən bəyanat yayıb və biz bunu yersiz hesab edirik. Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə Avropa institutları heç vaxt ədalətlə yanaşmayıb. Uzun illər ərzində Gürcüstan, Moldova, Ukrayna və Azərbaycanda separatçı birləşmələrə qarşı müxtəlif yanaşmalar mövcud olub", - Prezidentin köməkçisi deyib.

O, Aİ-nin Fransa kimi bəzi üzv ölkələrinin Ermənistanda militarizasiya proqramını başlatdığını əlavə edib.

"Biz militarizasiyanı dəstəkləmirik. Ermənistana militarizasiya proqramı lazım deyil. Sülh proqramı lazımdır. Fransa Ermənistana raket silahları ilə zirehli maşınlar göndərir. Ermənistan Fransadan, həmçinin, üç radiolokasiya sistemi və yaxın məsafəli "Mistral" "yer-hava" sinifli raketlər satın alır. Biz həmişə Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatizmi dəstəkləməməsi və regionumuzda erməni revanşizmini və ya geosiyasi oyunları təşviq etməmələri barədə xəbərdarlıq etmişik. Fikrimizcə, tarixi imkan yaranıb və müvafiq Avropa institutları regionda sülh gündəminin təşviqi üçün problemin deyil, həllin bir hissəsi olmalıdırlar", - deyə o sonda deyib.

Xəbər lenti

Çox oxunanlar