Xəzər Xəbər

XİN: İranın Ermənistandakı səfirinin təxribat xarakterli əsassız fikirlərini qətiyyətlə pisləyirik

Gündəm | 21:32 • 11 Noyabr 2023
XİN: İranın Ermənistandakı səfirinin təxribat xarakterli əsassız fikirlərini qətiyyətlə pisləyirik

Noyabrın 10-da İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin sözügedən fikirlərlə bağlı şərhində bildirilib. 

Mətbuat katibi qeyd edib ki, Azərbaycan ilə İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər, eyni zamanda, iki ölkənin prezidentlərinin noyabrın 9-da Daşkənddə keçirilmiş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə bildirib.

İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk. 

İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik.

Xəbər lenti