Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (QH) – “77-lər Qrupu” və Çin Birgə Koordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib.
Xarici İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, nazir çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın QH-yə sədrliyi dövründə JCC-nin canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırıb.
Nazir cari ilin iyul ayında QH-nin Əlaqələndirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün QH və “77-lər Qrupu” və Çin arasında əlaqələndirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, Azərbaycanın Uqandanın paytaxtı Kampala şəhərində 2024-cü ilin yanvar ayında “77-lər Qrupu” və Çinin Üçüncü Cənub Sammitinin və QH-nin XIX Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində “77-lər Qrupu” və QH arasında Cənub-Cənub əməkdaşlığını daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb.
Nazir, həmçinin Bakı şəhərində keçirilən “2023 Nazirlər görüşü”ndə QH üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığı üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər Qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.