Xəzər Xəbər

Hikmət Hacıyev: "Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb"

Gündəm | 18:23 • 20 Sentyabr 2023
Hikmət Hacıyev: "Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb"

Sülh sazişi layihəsi ilə bağlı təxminən 70 faiz məsələ razılaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib. 

O qeyd edib ki, Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir: "Ermənistan da öz növbəsində, Qarabağın erməni sakinləri ilə bağlı etnik azlıq məsələsini sülh sazişində əks etdirməlidir. Bu, qarşılıqlı proses olmalı idi. Əfsus ki, törədilən hibrid müharibələr, mənfi tendensiyalar növbəti intensiv danışıqların keçirilməsinə mane oldu. Hələ də bu məsələ Azərbaycanın gündəliyindədir və Azərbaycan hələ də sülh sazişinin tərəfdarıdır”.

Azərbaycan Ermənistanla prosesin normallaşdırılmasına və sülhə hazırdır. 

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı bir neçə dəfə hibrid müharibə aparıb: “Bu da diplomatik formada yürüdülən müharibələr idi ki, diasporlar da buraya cəlb edilmişdi. Lobbi də Azərbaycana qarşı hibrid müharibələrə cəlb olunmuşdu. Bu məntiq bizə aydın deyil. Ermənistan hökumət olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, amma diplomatik addımlar bunun əksini deyir”.

Prezidentin köməkçisi deyib ki, Ermənistan lüzumsuz və lazım olmayan, regionda sülhə mane olan təşəbbüslər edir: “Biz gələcəkdə fəal olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ümid bəsləyirik. Bununla da regionda stabil, uzunmüddətli sülh təmin ediləcək”.

Hikmət hacıyev onu da əlavə edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir: “Həmçinin Azərbaycan ərazisində Ermənistanın hərbi qüvvələri qalmamalıdır. Antiterror tədbirləri onu göstərdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisində qalmaqda idi. Bütün bunların pis nəticəsidir ki, Şuşa şəhəri dünən ağır artilleriya ilə bombalanıb və bir mülki vətəndaş həlak olub”.

Xəbər lenti