Birinci Qarabağ müharibəsində döyüş bölgəsindən çıxarılaraq Azərbaycanın bir neçə yaşayış məntəqəsindəki Şəhidlər xiyabanlarında və qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş 200-ə yaxın şəhid məzarı müəyyənləşdirilərək qeydiyyata alınıb.
Xezerxeber.az xəbər verir ki, bu sözləri "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
"Materialların təhlilinə əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilib. Komissiyada olan məlumatların təhlili göstərir ki, azad edilmiş, o cümlədən hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərimizdə çoxsaylı məzar yerləri mövcuddur. Eyni zamanda, bu sahədə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir. Əldə edilmiş razılığa uyğun olaraq ötən il qurum tərəfindən müəyyən məlumatlar Dövlət Komissiyasına təqdim edilib. Toplanmış məlumatlar əsasında məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib. Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri həyata keçirilir. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini davam etdirir", - deyə İ.Axundov bildirib.