Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Xezerxeber.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.
Brifinq zamanı aşağıdakı əsas məqamlar diqqətə çatdırılıb:
Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir;
Əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir. Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” bunun bariz nümunəsidir. Azərbaycanın bütün mesajlarına baxmayaraq, Ermənistan tərəfi öz yolundan dönmədi;
Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb;
Fürsətdən istifadə edərək, beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür edirik;
Son bir neçə ay ərzində cəlb olunmuş bir sıra tərəfdaşlar, xüsusilə də Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına yönəlmiş səylər davam etdirilib;
Heç bir istisna olmadan bütün tərəfdaşlar bütün diplomatik müzakirələr zamanı Laçından və Ağdamdan eyni zamanda keçidin mövcud vəziyyətin legitim və ağlabatan həll yolu olduğunu təsdiqləyiblər;
Qeyd etmək lazımdır ki, eyni zamanda keçid üçün çağırışlar ABŞ Dövlət Departamentinin, Rusiya XİN-in, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibinin verdiyi bəyanatlarda, habelə ATƏT-in Daimi Şurasının 12 sentyabr tarixli görüşü zamanı çıxışlarda səsləndirilib;
12 sentyabr tarixində, uzun müddət davam edən müzakirələr və yubanmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdamdan Xankəndiyə keçidi təmin edilib. Bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı;
10 sentyabr tarixində, ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı Azərbaycan tərəfi Laçından keçid zamanı Azərbaycan Respublikasının milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda keçid variantında sadiq olduğunu bir daha bildirib;
11 sentyabr tarixində, BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra, Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq, BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur;
Azərbaycan cəlb olunmuş beynəlxalq tərəfdaşların müraciətlərini davamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda keçid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü;
Ermənistan tərəfinin sözügedən yolların açılmasına davamlı etirazı yalnız siyasi xarakter daşıyır və hər hansı “humanitar böhran” məsələsilə heç bir əlaqəsi yoxdur. Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır;
Bu xüsusda, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi. Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub;
Gömrük nəzarəti tələbləri də daxil olmaqla Azərbaycan qanunvericiliyinə riayət etməklə Laçın və Ağdam yollarından eyni zamanda keçid məsələsi artıq bir neçə həftədir ki, ABŞ tərəfi ilə müxtəlif səviyyələrdə müzakirə edilib. Bu səbəbdən, indiki çıxılmaz vəziyyətin səbəbi ABŞ tərəfi üçün aydındır. Buna baxmayaraq, ABŞ Senatında verilən ifadə saxta erməni fikirlərini təkrarlayıb;
15 iyul tarixində liderlərin Brüssel görüşündə və 1 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti ilə ABŞ Dövlət Katibi arasında telefon danışığında müzakirə edildiyi kimi, Azərbaycan həmişə hər iki yolun ardıcıl və paralel istifadəsini asanlaşdırmağa hazır olub. Lakin bir neçə aydır ki, erməni tərəfinin həllə biganəliyi, humanitar yardımın davamlı siyasiləşdirilməsi, separatizm və ayrılmaya rəvac verməsi səbəbindən baş tutmayıb. Digər səbəb isə Azərbaycanı tamamilə əsassız olan qondarma humanitar böhran yaratmaqda ittiham etmək idi. Təəssüf ki, bəzi ölkələrin siyasi dairələrinin bəzi üzvləri özlərini bu saxta ittihamlarla əlaqələndiriblər.
Dünən, sentyabrın 17-də Ermənistan tərəfinin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel keçidlə malların qəbuluna razılıq verməsinə dair BQXK-dan ilkin məlumat aldıq. Bu gün BQXK-nın keçidlə bağlı şifahi notasını aldıqdan sonra saat 7-də biz BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidini təşkil edə bildik ki, bu da Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığını nümayiş etdirdi.
Eyni zamanda, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb;
10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib;
Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur;
Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb;
Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır;
Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. Qeyd etmək lazımdır ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər;
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub;
Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildönümünə dair Ermənistanın Baş Naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qeyri-səmimi olduğunu bir daha sübut edib;
Əksinə, Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib;
Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün sözdə tanınmasına baxmayaraq, onun müxtəlif beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik missiyaları qeyri-qanuni qondarma rejim adından sənədlər yaymaqda davam edir;
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkənin ki qədər vacibdir. Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir;
Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur;
Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir;
Azərbaycan həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. İstisna olmadan bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub;
Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib;
Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir. Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər.