Beynəlxalq Qırmızı Xaç Komitəsi həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınları ilə insanlara lazım olan humanitar yük çatdırdı. Bu, un və tibbi ləvazimatlardır.
Xezerxeber.az xəbər verir ki, bunu Ağdam-Xankəndi yolunda jurnalistlərə müsahibəsində BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
İlahə Hüseynova deyib ki, razılıq olsa, BQXK əməliyyatları davam etdirəcək: “Biz çox şadıq ki, humanitar konsensus əldə olundu və bu əməliyyat baş tutdu. Ümid edirik ki, bu addımlar insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasına dəstək olacaq”.
Qurum rəsmisinin sözlərinə görə, ötən ilin dekabrından indiyədək BQXK-nın humanitar fəaliyyəti çərçivəsində 800-dən çox insanın tibbi təxliyəsi həyata keçirilib, həmçinin Laçın yolu vasitəsilə tibbi ləvazimatlar çatdırılıb.