Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində tikinti obyektlərinin tikintisinə və istismarına icazə, habelə məlumatlandırma icraatlarının həyata keçirilməsini təmin edən “Elektron Tikinti Portalı” altsistemi yaradılacaq.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi” barədə fərmanda əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi portalın formalaşdırılmasını 2023-cü il noyabrın 1-dək təmin etməli və aidiyyəti dövlət orqanlarının (qurumlarının) Portala çıxışını təmin etməlidir. Eyni zamanda portala daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görməlidir.