Xəzər Xəbər

Aprel döyüşləri ilə məğlubedilməz erməni ordusu mifi darmadağın oldu - Hərbi ekspert

Gündəm | 12:41 • 1 Aprel 2023
Aprel döyüşləri ilə məğlubedilməz erməni ordusu mifi darmadağın oldu - Hərbi ekspert

Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks-hücumu ilə Ermənistan silahlı qüvvələrini Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın etməsi ilə nəticələnən əməliyyat idi. 2016-cı ilin aprelində Azərbaycan Ordusu iki min hektardan çox işğal altındakı ərazilərimizə nəzarəti bərpa edib. Bu əməliyyatlar zamanı azad edilən Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə zirvəsi Azərbaycanın növbəti əməliyyatlar üçün istifadə oluna biləcək platsdarma çevrilib. Aprel döyüşləri Vətən müharibəsindəki əsas döyüşün ilkin məşqi və tarixi Zəfərə aparan yol idi. Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin bir səhifəsi idi. Döyüşlər vasitəsilə biz uzun işğal müddətində yaradılan məğlubedilməz erməni ordusu miflərinin dağıdılmasının əsasını qoyduq. Bu döyüşlər məhz Azərbaycan xalqının ordu ilə birliyinin və bərabərliyinin də təcəssümü oldu. Azərbaycan Aprel döyüşləri ilə düşməni bir daha əmin etdi ki, biz heç zaman işğal faktı ilə barışmayacağıq. Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla, o cümlədən hərbi yolla azad etməyə hazırdır.

Hərbi ekspert qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun işğalçı üzərində hərbi qələbəsidir. Bu döyüşlər Azərbaycan dövlətinin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını nümayiş etdirən qələbəmizdir. Aprel döyüşləri zamanı azad olunan ərazilər Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm əhəmiyyət daşıdı. Məhz 2020-ci il sentyabrın 27-də düşmənə endirilən əks-zərbələr 2016-cı ildə azad olunan Talış və Lələtəpə yüksəkliklərindən başladı. Azərbaycan Silahlı Qüvvələri məhz Aprel döyüşlərində yeni nəsil müharibənin bir neçə elementini düşmən üzərində tətbiq etdi. Artıq Ermənistan da anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd edir. Aprel qələbəsi sübut etdi ki, əsgərimiz, Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpaqlarını istənilən yolla düşmən işğalından xilas edəcək.

“Sonralar Vətən müharibəsi zamanı bu birlik tezisləri təsdiqini tapdı. Azərbaycan xalqı ilə dövlət və ordu arasında mövcud olan bağlar, birgə fəaliyyətlər sonunda modernləşdirilən Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı. Noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur etdi. Qürurlu tarixə malik olan Azərbaycan Ordusu hazırda özünün ən şanlı mərhələsini yaşayır”, - deyə Ə.Verdiyev vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar