30 mart 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, konsulluq məsələləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Müzakirələr zamanı nazir müavini X.Xələfov 2023-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri haqda məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
X.Xələfov qarşı tərəfə post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.
Y.Kurfürst Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və 2015-ci ildə imzalanmış müvafiq Birgə Bəyanatdan irəli gələrək münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. Çex Respublikasının Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini və bölgədə davamlı sülhün və sabitliyin bərqərar olunmasının əhəmiyyətli olduğunu vurğulayıb. Cari ilin 3 mart tarixində Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının məhsuldar keçirildiyini və bunun iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.