Xəzər Xəbər

Müdafiə Nazirliyi: İranın Quru Qoşunlarının komandanı Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirib

Gündəm | 19:46 • 30 Mart 2023
Müdafiə Nazirliyi: İranın Quru Qoşunlarının komandanı Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirib

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Qeyd edilib ki, K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda güya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.

İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.

44 günlük Vətən müharibəsində Azərbaycanın güya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər səlnaməsi yazıb. Bu iddia cəfənq ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.

Xəbər lenti

Çox oxunanlar