“Həqiqətən də, bir müddətdir, Brüsseldə görüşlər olmayıb. Aİ Şurasının Prezidenti Şarl Mişelin yanaşması belədir ki, iki liderin Brüsselə qayıtması, şübhəsiz ki, vacib olacaq. Çünki söhbət təkcə Brüsseldən getmir, həm də bir neçə aydır, Ermənistan və Azərbaycan liderləri arasında heç bir görüş olmayıb”.
Xezerxeber.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
“Biz inanırıq ki, onlar üçün müntəzəm olaraq görüşmək və vacib məsələlərin mahiyyəti üzərində işləmək, həqiqətən, çox vacibdir. Hansı ki biz bunu Brüsseldə görürük. Beləliklə, bu mənada Prezident Mişel liderlərin yenidən Brüsselə gəlməsini çox istəyir. O, bir neçə həftə əvvəl Münxendə liderlərlə görüşmüşdü. Mən Bakıdayam və keçən həftə bu görüşlərlə bağlı İrəvanda idim. İndi bizim açıq gözləntimiz Ermənistan və Azərbaycan liderlərinin çox yaxın gələcəkdə yenidən Brüsseldə olmasıdır”, - Toivo Klaar qeyd edib.
Aİ-nin xüsusi nümayəndəsi üçtərəfli görüşün Novruzdan əvvəl baş verəcəyini gözləmir: “Amma sonda, əlbəttə ki, biz tərəfləri bir araya gətirə bilərik. Həmçinin onları platforma ilə təmin edə bilərik. Eyni zamanda, Prezident Mişel liderləri dəvət edə bilər və zamanı onların ixtiyarına verə bilər. Amma, əlbəttə ki, sonda əsas məsələ liderlərin – Prezident Əliyevin və Baş nazir Paşinyanın bir araya gəlməsi, razılaşmalar əldə etməsi və Ermənistanla Azərbaycan arasında, ümumiyyətlə, Cənubi Qafqazda sülhü təmin etmək istəyidir”.