“İlk növbədə, hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir. Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Bu bir məqam”.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar APA-ya açıqlamasında bildirib.
"Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir. Hesab edirəm ki, Ermənistanda belə bir fikir var ki, bunlar (Laçın və Zəngəzur – red.) iki ayrı məsələdir. Bunlardan biri 2020-ci ilin Noyabr Bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il Bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən, qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”, - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.