Xəzər Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin Baş naziri ilə görüşüb YENİLƏNİB

Gündəm | 16:04 • 2 Mart 2023
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı. Dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırdı.

Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Baş nazir bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik etdi, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğuladı.

Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu dedi. Qeyd etdi ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu ilin sonunda başa çatacağını vurğulayan dövlətimizin başçısı dedi ki, ölkəmiz sədrliyi dövründə Hərəkatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

Prezident İlham Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini dedi.

Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğuladı.

Xəbər lenti

Çox oxunanlar