Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirdiyi müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib.
Xezerxeber.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililərin səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onların sökülmək təhlükəsi ilə üzləşdiyi bildirilib.
Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binalarının xilas edildiyi vurğulanıb.
Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər.