Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını heçə sayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistan tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf rayonlarda həyat üçün zəruri olan əksər sosial-iqtisadi infrastruktur obyektləri, yaşayış və qeyri-yaşayış obyektləri yerlə-yeksan edilib. Hətta tarixi-mədəni və dini abidələr, o cümlədən qəbiristanlıqlar tamamilə dağıdılıb.
Xezerxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətində əksini tapıb.
O qeyd edib ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunub.
“Transsərhəd çay olan Oxçuçayın uzun illərdir Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir”,-deyə Səbinə Əliyeva vurğulayıb.