Xəzər Xəbər

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki diplomatik missiyaları Ermənistanın təxribatı barədə məlumatlandırıb

Gündəm | 17:16 • 14 Sentyabr 2022
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki diplomatik missiyaları Ermənistanın təxribatı barədə məlumatlandırıb

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə akkreditə olmuş diplomatik missiyalara, Beynəlxalq Təşkilatlara, eləcə də yerli KİV-ə Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi sonuncu təxribatla bağlı müfəssəl məlumat göndərib.

Notada sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı məlumat verilib. Ermənistanın hərbi təxribatının təsvir edildiyi notada Azərbaycanın Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hərbi təxribat törətdiyi qeyd edilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Azərbaycan silahlı qüvvələrinin qeyd edilən istiqamətlərdə yerləşən mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd edib. Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan ordusunun mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub, nəticədə Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.

Azərbaycan silahlı qüvvələri təxribatın qarşısının alınması məqsədilə adekvat tədbirlər görüb, heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənistan tərəfindən də etiraf edildiyi kimi, mülki şəxslər arasında itki və yaralananlar yoxdur. Azərbaycan tərəfindən görülən addımlar məhdud xarakterli, legitim hərbi hədəflərə yönəlib və yüksək dəqiqlik və peşəkarlıqla həyata keçirilib.

Sentyabrın 13-ü saat 9-dan etibarən xarici tərəfdaşların müraciətləri nəzərə alınaraq, atəşin dayandırılması barədə razılıq əldə edilib. Azərbaycan tərəfi Ermənistanın əldə edilmiş razılığa əməl edəcəyini, yeni təxribatlar törətməklə vəziyyəti yenidən gərginləşdirməyəcəyini gözləyir.

Təxribat Ermənistanın davamlı pozucu fəaliyyətinin tərkib hissədir deyilən notada bildirilir ki, şərti dövlət sərhədində baş vermiş geniş miqyaslı hərbi təxribat ayrıca bir hal olmayıb, son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementini təşkil edir.

Belə ki, son günlər ərzində, o cümlədən avqustun 31-də Brüsseldə keçirilən yüksək səviyyəli görüşdən sonra Ermənistan tərəfindən şərti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində atəşkəsin pozulması davamlı hal almışdır. Nəticədə ərazidə fəaliyyət göstərən Azərbaycana məxsus mülki texnika da daxil olmaqla, Azərbaycan ordusunun bölmələri atəşə məruz qalmışdır. Beləliklə, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il Bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına, habelə Ermənistanın digər beynəlxalq öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərinin intensiv minalanması halları aşkar edilib.

Avqustun 15-dən etibarən aparılan axtarış fəaliyyəti nəticəsində təkcə Laçın rayonu ərazisində 1300-dən artıq piyada əleyhinə mina aşkarlanıb. Bu minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi və bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair məlum bəyanatdan sonra Azərbaycan ərazisində basdırıldığı müəyyən edilib. Ümumiyyətlə, Ermənistan tərəfi minalama fəaliyyətini davam etdirməklə bərabər mina xəritələrinin tam şəkildə Azərbaycana təhvil verməyib. 10 noyabr bəyanatından sonra mülki və hərbi şəxslər arasında 240-dan artıq ölüm və yaralanmaya səbəb olmuş mina partlayışı hadisəsinin 134-ü, yəni 50 faizdən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.

Ermənistan üçtərəfli Bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayıb. Bunu müxtəlif bəhanələrlə gecikdirməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən 19 iyul tarixində verilən müsahibədə bu ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisində dislokasiya olunduğu rəsmi qaydada bildirilib. Üçtərəfli Bəyanatın və beynəlxalq hüququn pozuntusu Ermənistan rəsmisi tərəfindən etiraf edilib.

Ermənistanın müddətli hərbi qulluqçularının sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağı bildirilsə də, buna riayət etməyib.

Ermənistan tərəfi nümayişkaranə şəkildə iki dövlət arasında münasibətlərin normallaşmasına dair əldə edilən razılıqları pozmaqla, əvvəlcədən əldə edilmiş razılıqlardan boyun qaçırır və bu son günlər daha kəskin xarakter alıb.

Diqqətə çatdırılıb ki, regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun 30 avqust tarixində Moskvada keçirilən iclasında Ermənistan əvvəldən əldə edilmiş razılıqlardan boyun qaçıraraq, yeni elementlər irəli sürərək, prosesə mane yaratmaq istiqamətində addımlar atıb.

Sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təklifləri qarşılıqsız qalıb. Brüssel görüşündən dərhal sonra Azərbaycan tərəfi sentyabr ayının sonunda iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsini təklif etsə də, Ermənistan tərəfindən cavab olmayıb. Əksinə, Brüssel görüşündən 3 gün sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan ərazilərinə qanunsuz səfər edərək nümayişkaranə şəkildə siyasi təxribata əl atıb.

İki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşması üzrə danışıqlara başlamaq barəsində razılıq əldə edilən Brüssel görüşündən dərhal sonra Ermənistan baş naziri və Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində qondarma qurumun elan edilməsinin ildönümü ilə əlaqədar 2 sentyabr tarixində təxribat mahiyyətində bəyanatlar verərək, Azərbaycana qarşı ərazi iddialarının davam etdirildiyini nümayiş etdirib. Ermənistan tərəfi oxşar mövqeyi Tbilisidə keçirilmiş ikitərəfli görüşdə də nümayiş etdirərək, iki ölkə tərəfindən müvafiq işçi qruplarının yaradılması təklifini cavabsız qoyub.

Bildirilib ki, regionda hərbi gərginliyin yaranması Azərbaycan tərəfinin marağında deyil. Ermənistanın təxribatı da elə Ermənistanın özünün maraqlarına xidmət edir. “Azərbaycan ötən gecə baş vermiş hərbi gərginlik zonasının yaxınlığında hazırda iri miqyaslı investisiya layihələri (3 milyard vəsait ayrılıb) həyata keçirir, münaqişədən sonra geniş miqyaslı bərpa və quruculuq işləri aparır. Hərbi toqquşmalar bu layihələr üçün birbaşa təhlükə törədir. Hərbi gərginlik zonasına yaxın əraziyə- Zəngilan rayonunun Ağalı kəndinə artıq ilk məcburi köçkün qrupu yerləşdirilib. Ermənistan şərti dövlət sərhədinə yaxın ərazidə Zəngilan beynəlxalq hava limanının tikintisi bitmək üzrədir və Azərbaycan tərəfi yaxın günlərdə hava limanının açılışını həyata keçirmək niyyətindədir. Azərbaycan tərəfi bir neçə gün əvvəl xoş məram nümayiş etdirərək, Azərbaycanda saxlanılan daha beş nəfər Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Hər hansı üçüncü vasitəçi olmadan birbaşa həyata keçirilən bu proses, sülh prosesinə töhfə vermək məqsədilə xoş məram göstəricisi kimi atılıb”, - deyə məlumatda Azərbaycanın xoş məramı haqqında yazılıb.

Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə təmas və dialoq istiqamətində ardıcıl addımlar atıldığı, son günlər bu istiqamətdə ciddi müsbət dinamikaya nail olunduğu, Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadəsi və idarəolunması istiqamətində təmaslar qurulduğu diqqətə çatdırılıb.

Bütün bu proseslərdə Ermənistan davamlı şəkildə pozucu fəaliyyət göstərdiyi, Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneə olmağa çalışdığı qeyd edilib.

Bildirilib ki, Ermənistan tərəfindən ciddi şəkildə silahlanma və hərbiləşmə meyləri açıq şəkildə müşahidə olunur. Azərbaycan 30 il ərzində Ermənistanın hərbi təcavüzündən və müharibədən əziyyət çəkib, birinci müharibə zamanı 20 mindən artıq, ikinci müharibə zamanı 3000 şəhid verib. Bir milyona yaxın qaçqın və məcburi köçkünü olub, şəhər və kəndləri dağıdılıb.

Ermənistan tərəfi şərti dövlət sərhədində geniş miqyaslı təxribata əl atmaqla, məsələyə üçüncü tərəfləri cəlb etmək, gərginlik coğrafiyasını genişləndirmək kimi avantürist məqsədi güdür. Beynəlxalq münasibətlərdə müşahidə olunan gərginlik, müxtəlif regionlarda yaşanan siyasi və hərbi böhran fonunda vəziyyətdən öz maraqlarına uyğun sui-istifadə edərək, sülh prosesini iflasa uğratmaq məqsədi daşıyır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar