Xəzər Xəbər

Bolqarıstan mətbuatı Ermənistan silahlı qüvvələrinin təxribatlarından yazıb

Gündəm | 16:37 • 14 Sentyabr 2022
Bolqarıstan mətbuatı Ermənistan silahlı qüvvələrinin təxribatlarından yazıb

2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədində törədilmiş genişmiqyaslı hərbi təxribat və Azərbaycan tərəfinin cavab tədbirləri ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər ki, bu ölkənin aparıcı xəbər agentliklərinin yaydığı məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində aparılan təxribat-diversiya fəaliyyətləri, o cümlədən müvafiq ərazi və yolların minalanması, Azərbaycan Ordusu bölmələrinin mövqelərinin intensiv atəşə tutulmasından bəhs edilir, bu hərəkətlərin hərbi və mülki şəxslər arasında tələfatla nəticələndiyi qeyd olunur. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısını almaq, hərbi heyət və mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu tərəfindən cavab tədbirlərinin görüldüyü barədə məlumat verilir, eləcə də erməni tərəfinin yaydığı həqiqəti əks etdirməyən məlumatlar ifşa edilir.

Xəbərlərdə postmünaqişə dövründə Azərbaycanın təklif etdiyi beş prinsip açıqlanaraq, onların qəbul edilməsinin Bolqarıstan da daxil olmaqla, Qara dəniz regionu üçün böyük faydalar vəd etdiyi bildirilir.

Eyni zamanda, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Ermənistanın hərbi təxribatı ilə əlaqədar Bolqarıstan Milli Radiosuna müsahibə verib. Müsahibədə baş vermiş təxribatla bağlı ətraflı məlumat təqdim edilib və qeyri-qanuni erməni silahlı birləşmələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmaması, habelə Ermənistanın Azərbaycanın beynəlxalq sərhədlərinin tanımamasının müvafiq təxribatlara əsas yaratdığı və bölgədə daimi təhlükə mənbəyi təşkil etdiyi vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar