Xəzər Xəbər

Hərbi ekspert: Ermənistan sülhə məcbur edilməlidir

Gündəm | 14:01 • 13 Sentyabr 2022
Hərbi ekspert: Ermənistan sülhə məcbur edilməlidir

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqelərimizi fasiləsiz müxtəlif çaplı silahlardan intensiv və sistematik atəşə tutması sonda Azərbaycan Ordusunun cavab tədbirləri ilə müşayiət olundu.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin törətdiyi son genişmiqyaslı təxribatlardan bəhs edərkən deyib.

Ədalət Verdiyev xatırladıb ki, bir neçə dəfə həmin istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti müşahidə olundu. Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir. Bu sonda Azərbaycan tərəfinin səbrinin daşmasına gətirib çıxardı.

“Görünən odur ki, Ermənistan qətiyyətlə 2020-ci 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Prosesi daha uzun müddətə yaymaqla Ermənistan bu öhdəliklərdən yayınmaq istəyir”, - deyə ekspert vurğulayıb.

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması üçün kifayət qədər təsirli və effektiv tədbirlər görüb. Bu yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq, təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirib.

“Bu onu göstərir ki, Azərbaycan ilə Ermənistan arasında təhlükəsiz zona yaradılması artıq mütləq zərurətdir. Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və bu ölkədə baş qaldıran revanşizm ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək”, - deyə Ə.Verdiyev əlavə edib.

Xəbər lenti

Çox oxunanlar