Xəzər Xəbər

Politoloq: Azərbaycan təhlükəsizliyi baxımından özünü müdafiə etməkdə tam haqlıdır

Gündəm | 12:50 • 13 Sentyabr 2022
Politoloq: Azərbaycan təhlükəsizliyi baxımından özünü müdafiə etməkdə tam haqlıdır

Hazırda sərhəddə yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan bununla Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq işlərini ləngitmək, ölkə əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Bunu AZƏRTAC-a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, “Bakı” Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov deyib.

Politoloq diqqətə çatdırıb ki, artıq ciddi uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyanın haraya və kimə zəng etməsindən asılı olmayaraq, Azərbaycan təhlükəsizliyi baxımından özünü müdafiə etməkdə tam haqlıdır. Mövcud vəziyyətdə heç nə və heç kəs Ermənistanı xilas edə bilməz.

“Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) və müttəfiqi Rusiyaya müraciət edən Nikol Paşinyan anlamalıdır ki, 2022-ci ilin fevralında Azərbaycan ilə Rusiya arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmət edir. Müqavilənin şərtlərinə görə, bu ölkə hər hansı üçüncü dövlətlə birlikdə Azərbaycana qarşı döyüşə bilməz. Rusiyanın Ermənistan qarşısında öhdəliyi olduğu kimi, Azərbaycan qarşısında da öhdəliyi var. Digər tərəfdən, KTMT-nın üzvü olan türk dövlətləri bu və ya digər məsələlərdə Ermənistana kömək etmək fikirləri yoxdur.

Üçüncü məsələ kimi qeyd etmək istəyirəm ki, Azərbaycanın BMT-nin 51-ci maddəsinə uyğun olaraq təhlükəsizlik baxımından özünü müdafiə etmək hüququ var. Lazım gələrsə, Ermənistanın daxilindən gələn təhdidlərə də cavab olaraq adekvat addımlar atılacaq. Ermənistanın sərhəddə törətdiyi təxribatlar bunu etməyə imkan verir”, - deyə Zaur Məmmədov vurğulayıb.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın kömək üçün ABŞ, Fransa və Rusiyaya müraciət etməsi anlaşılan deyil. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin əsassız bəyanatı isə təəssüf doğurur. Kimin hansı bəyanat verməsindən asılı olmayaraq, Azərbaycan bu məsələdə haqlıdır və antiterror əməliyyatı aparmaqla öz təhlükəsizliyini təmin etməyə çalışır.

Z.Məmmədov qeyd edib ki, Ermənistan şıltaqlığını yerə qoyaraq birdəfəlik təslim olmalı və öz təxribatlarından əl çəkməli və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir.

Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür və görəcək.

Xəbər lenti