Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini qəbul edib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hulusi Akar Valeh Məmiyevin anası İlhamə Məmiyeva, atası İsbat Məmiyev, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev ilə Millî Müdafiə Nazirliyində görüşüb.
Vətən Müharibəsi şəhidlərinin Türkiyədə təhsillərini davam etdirən övladları, Anar İbrahimli, Şəbnəm Qubadova, Vətən Müharibəsi qazisi Ayxan Mövsümov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirak etdiyi görüşdə çıxış edən nazir Hulusi Akar bu görüşdən məmnunluğunu ifadə edib.
Hulusi Akar görüş zamanı bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri Ermənistana barış əli uzadıblar: "Bizim niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın. Bizim dərdimiz torpaqlarımıza göz dikilməməsidir. Bizimim heç kimin torpağında gözümüz yoxdur”.