Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Xezerxeber.az-ın xəbərinə görə, fərmana əsasən, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Müəyyən edilməlidir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.
Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.