Xəzər Xəbər

Azərbaycanla Ukrayna arasında pensiya sahəsində əməkdaşlığa dair saziş hazırlanır

Gündəm | 14:29 • 23 Dekabr 2021
Azərbaycanla Ukrayna arasında pensiya sahəsində əməkdaşlığa dair saziş hazırlanır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Ukraynanın sosial siyasət naziri Marina Lazebna arasında videoformatda görüş olub.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, S.Babayev Azərbaycanla Ukrayna arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. İki ölkənin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

O, Prezident İlham Əliyevin siyasətində sosial sahənin inkişafının əsas prioritetlərdən olduğunu bildirib. Azərbaycanda aparılan sosial islahatlar, sosial ödənişlərin artırılması istiqamətində atılan ardıcıl addımlar, eləcə də bu günlərdə bu ödənişlərdə edilmiş ciddi artımlar barədə məlumat verib. Ölkəmizin yeni milli brendi olan DOST konsepsiyasını, əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan innovativ yenilikləri, proaktiv xidmətləri qeyd edib.

Ötən dövrdə Ukraynanın Sosial Siyasət Nazirliyi ilə ikitərəfli əməkdaşlıqdan bəhs edən S.Babayev əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

M.Lazebna ölkəsinin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin, təcrübə mübadilələrinin genişlənməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə ötən dövrdə iki nazirlik arasında əməkdaşlığa dair formalaşan müqavilə-hüquq bazasına, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Pensiya sahəsində əməkdaşlığa dair yeni saziş layihəsinin hazırlanması da müzakirə olunub.

Xəbər lenti