Xarici diplomların tanınması zamanı müraciətçilərə verilən imtina cavabının səbəbi açıqlanıb.
XəzərXəbər xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Eldar Orucov keçirdiyi brifinqdə imtinanın əsas iki səbəbi olduğunu deyib.
Onun sözlərinə görə, imtina sərhəd keçmənin və baza dil bilgilərinin yetərli olmaması ilə bağlı olur: "Xarici ölkədə təhsil alan şəxsin həmin ölkəyə gedib-gəlmə müddəti yetərli olmur. Bir də ən əsas məsələ təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB, Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar".
E.Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verilir: "Ancaq son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da maraq artıb".