Bu gün Baş nazir Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
XəzərXəbər bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Bu ilin fevral ayında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.
Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.