Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.
Xezerxeber.az xəbər verir ki, nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulandı, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edildi.
Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olundu, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirildi.
Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirildi.