Xəzər Xəbər

Zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

Gündəm | 19:11 • 21 Dekabr 2021
Zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələri, qoşun növləri və qisimləri, eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2021-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də 2022-ci tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İdarə rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən də danışaraq bildirib ki, bu Zəfərin qazanılmasında döyüş hazırlığı ilə yanaşı şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji hazırlığının və hərbi intizamının yüksək olması böyük rol oynadı. B.Orucov bu il ərzində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasının, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Toplantıda tərbiyəvi iş üzrə zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində cari il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələrlə çıxış ediblər.

Xəbər lenti